Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
“Bizimləsən” verilişinin vəsiləsi ilə Xocalı məktəblisi müalicə olunur

0

  •         Xocalı rayon Kosalar kənd sakini Ələkbərov Qəhrəman Lələkişi oğlu övladının səhhətindəki problemə köməklik göstərilməsi ilə bağlı “Bizimləsən” verilişinə müraciət etmişdir. Onun oğlu 01 avqust 2009-cü il təvəllüdlü Cavad Ələkbərli sağ aşağı ətrafın paraparezi xəstəliyindən əziyyət çəkir. Övladının xəstəliyinə biganə qalmayan atası verilişlə vatsap əlaqəsi yaratmış və onun xəstəliyi haqqında məlumatları göndərmişdir. Bir müddətdən sonra verilişin aparıcısı Zaur Baxşəliyev başda olmaqla, bir qrup heyət Cavadın müalicəsi üçün səfərbər olublar. Qəhrəman Ələkbərovun evində olan əməkdaşlar Cavadın müalicə olunması üçün Bakıya dəvət ediblər.
            Ələkbərovlar ailəsi indi böyük sevinc və ümid içində Cavadın sağalmasını gözləyirlər. Bununla bərabər, ATV kanalının rəhbərliyinə, “Bizimləsən” verilişinin kollektivinə, o cümlədən aparıcı Zaur Baxşəliyevə, Cavadın həkimi, “Bakı Medical Plaza”nın ortoped-travmatoloqu Vüsal Mahmudova minnətdarlıq edirlər və öz dualarını yetirirlər. 


            Qeyd edək ki, Cavadın atası Qəhrəman Ələkbərov II qrup Qarabağ əlili, müharibə veteranıdır. O, Qarabağ müharibəsinin fəal iştirakçısıdır. Kosalar kəndi uğrunda döyüşdə yaralanıb. Düşmən gülləsi daşdan səpib ona dəyib. Ölüm ayağında olan Qəhəmanı Papanindəki hospitala yerləşdirirlər. Həkimlər ilkin müayinə etdikdən sonra qərara gəlinir ki, artıq onu sağaltmaq mümkün deyil. Qəhrəmanı sağ-sağ “Semaşko”nun morquna yollayırlar. Öldüyü zənn edilərək morqa yerləşdirilən Qəhrəmanın meyitini qardaşı görmək istəyəndə sağ olduğunu bilir. Xəstəxanaya səs salaraq onu morqdan çıxrılmasını tələb edir. Qəhrəman müəllim uzun müddət müalicə olunduqdan sonra səhhəti yaxşılaşmağa başlayır. Başının sol tərəfi olmayan dözümlü insanın qafa tasının yerinə 12x12 santimetr kapron qoyulub.
            Səhhəti yaxşılığa doğru gedən Qəhrəman ali məktəbə qəbul imtahanında iştirak edir və ali məktəbə qəbul olur. O, test üsulu ilə Nəsrəddin Tusi adına Pedaqoji Universitetin riyaziyyat fakültəsinə daxil olur. Yaralandıqdan sonra yaddaşını itirsə də, orta məktəbdə yaxşı oxuduğundan testlərdə doğru cavab variantlarının tanış olması ona köməklik edir. Ancaq müalicəsi sona qədər dəqiqliklə aparılmadığından tam sağala bilmir. Tez-tez dili qatlanmasın deyə, cibində alışqan boyda taxta parçası gəzdirirdi. Hər dəfə halı pisləşəndə o, taxta parçasını çıxarıb yanındakı adamlara uzadırmış ki, dişlərinin arasına yerləşdirsinlər, dilini asanlıqla tutmaq olsun. 
            Ailə həyatı qurduqdan sonra onun səhhətində müsbət irəliləyişlər olur.
            Qəhrəman müəllim hal-hazırda Gəncə şəhəri ərazisində salınmış 600 ailəlik qəsəbədə məskunlaşıb. Yoldaşlıqda düz etibarı, səmimi ünsiyyəti olan Qəhrəman müəllim el içində böyük hörmət sahibidir. Qəhrəman müəllim Xocalı rayon Əli Kərim adına Başkənd kənd tam orta məktəbində fizika və riyaziyyat fənnini tədris edir. Daim gələcəyə ümidlə baxan bu dözümlü insan Cavadla birlikdə 4 oğlan övladının atasıdır. Bir övladı həqiqi hərbi xidmətdədir. Cavadın da səhhətinin yaxşı olmasını, əsgərlik yaşı gələndə Azərbaycan Ordusunda xidmət etməsini arzulayır.

    Qalib BƏYMƏMMƏDOĞLU

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaRəsmi xronika
    Yerləşdirdi
    Yerləşdirildi5 il öncə
    İzlənib62 dəfə
    “Bizimləsən” verilişinin vəsiləsi ilə Xocalı məktəblisi müalicə olunur

    Maraqlı gələ bilər
    189